Səbət

Qənaətcil lampa, yoxsa ölümcül şüa?

04 Oktyabr 2021

blog_1633365073.webp
Ağ işıq verən lampalar insan orqanizminə ziyandır
Enerji ölkəsinin vətəndaşları olsaq da, enerjiyə qənaət etməyə öyrəşməyimiz məlumdur. Bunun obyektiv və suyektiv səbəbləri haqda yox, nəticəsi haqda yazacağıq. Enerjiyə qənaətin bir yolu da qənaətcil lampalardan istifadədir. Hansı ki, bir çox mənzillərdə bundan geniş istifadə edilir.
 
Qeyd edək ki, Avropa Birliyi ölkələrində artıq bir neçə ildir ki, bu cür lampaların istehsalı, idxalı və satışına qadağa qoyulub. Bunun səbəbi isə ətrafa ağ işıq verən qənaətcil lampaların insan orqanizminə ziyanlı olmasıdır. Belə ki, dünya alimləri elektrik enerjisinə qənaət edən luminiset (süd lampası və ya neon da deyilir) lampalarının 1 metrdən az məsafədə elektromaqnit çirklənmə ilə insan həyatı üçün təhlükə yaratdığını iddia edirlər. Mütəxəssislər belə lampalardan ən azı 1 metrlik məsafədə olmağı məsləhət görürlər. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu lampaların yaydığı B və C şüaları üz dərisi və gözlər üçün zərərlidir. "1 metrdən daha az məsafədə isıq verəndə luminiset lampaları elektromaqnit çirklənmə yaradır və bunun insan üçün böyük ziyanı var" - deyə dünya alimləri bildirirlər.
 
Azərbaycanlı ekspertlər də elə bu cür düşünürlər və luminiset lampaları insan həyatı üçün təhlükəli sayırlar. Oftalmoloq-həkim Səfər Səfərov bildirir ki, luminiset lampaları daha çox gözə ziyandır. Həkimin sözlərinə görə, həmin lampalar yanarkən müəyyən amplituda şəklində əsmə baş verir ki, insan gözü həmin hers tezliyini qavraya bilmir. Əsmə nəticəsində gözün kiprik əzələləri yorulur, gözün hərəkətində əmələ gələn gərginlik isə spazm yaradır. Mütəxəssis luminiset lampalarından ofislərdə, evlərdə istifadə etməyi məsləhət görmür: "Bu tip lampalardan yalnız qısa zamanda istifadə etmək mümkündür, uzun muddətli istifadəsi ziyanlıdır".
 
Bəzi rəylərə görə, luminiset lampalar hətta xərçəng xəstəliyi yaradır. Bu açıqlama ilə çıxış edən ekoloq Telman Zeynalov bildirib ki, Azərbaycanda bu tip lampaların yayılmasının qarşısı alınmalıdır. Onun sözlərinə görə, bu lampalara keçməmişdən əvvəl istifadə edilmiş lampaların təkrar istehsalı üçün müəssisələr yaradılmalıdır. "İstifadə olunmuş yararsız lampalar ətraf mühitin, suyun çirklənməsi ilə nəticələnə, xəstəliklərin yaranmasına səbəb ola bilər. Hər gün zibilliyə atılan minlərlə lampanın zibillərlə birlikdə yandırılması zamanı onlardan qalxan tüstü ekologiyaya ciddi zərər vurur. Çünki onların tərkibində civə ilə yanaşı, bir sıra kimyəvi maddələr də var". T.Zeynalov köhnə (közərmə) lampalardan istifadəni hələlik vacib sayır.
 
Araşdırmalar onu da sübut edib ki, luminiset lampalarının ən zərərli cəhəti titrəmə effektinin olmasıdır. Hansı ki, bunun da nəticəsində gözlər yorulur. Həmin lampaların istifadəsi zamanı rənglər təhrif olunur. Köhnə elektromaqnit qoşulma sistemli luminiset lampalarından fərqli olaraq, indi tətbiq olunan elektron sistemli lampalarda titrəmə tənzimlənir.
 
Mütəxəssislər neqativ təsirlərinə baxmayaraq, luminiset lampalarının qənaətli və istismarının uzunmüddətli olmasını inkar etmirlər. Belə ki, luminiset lampalarında enerji sərfiyyatı 5 dəfə az olduğundan bunun Azərbaycanda tətbiq olunması enerji sərfiyyatını xeyli azaldar. Belə ki, 20 Vatt-lıq lampanın verdiyi işıq közərmə lampasının 1000 Vatt-ına bərabərdir, istismar müddəti isə 2000-20 000 min saatdır.
 
"Azərişiq" QSC (köhnə "Bakıelektrikşəbəkə") də enerjiyə qənaət etmək üçün bir sıra məsləhətlər verir. Qurumun saytında yerləşdirilən məlumatda bildirilir ki, hər il ortalama olaraq 400- 1000 kvts işıqlandırma üçün elektrik enerjisi sərf olunur. Bu sahənin mütəxəssisləri enerjiyə qənaət etmək istəyənlərə məsləhət görürlər ki, iki yan-yana duran elektrik lampasını onların ümumi gücünə bərabər olan bir lampa ilə dəyişdirib həm işıqlandırmanın artırılmasına, həm də elektrik enerjisinə qənaət etmək olar: "Təbii işıqlanmadan mümkün qədər çox istifadə olunması daha məqsədəuyğundur. Yaşayış sahələri təbii işıqlandırmadan daha çox istifadə edilməsi nöqteyi-nəzərindən layihələnməlidir. Tünd rəngli pərdələrdən daha az istifadəyə, otaqlardakı pəncərələrin təmizliyinə riayət olunarsa, həm işıqlandırmanın artırılması, həm də elektrik enerjisinə qənaət olunması təmin oluna bilər. Lampaların mütəmadi olaraq nəzarətdən keçirilməsi zəruridir. İşıqlandırma sistemlərinin təmiz saxlanılması işıqlanma qabiliyyətinin yüksək olmasını təmin edən amillərdən biridir. Lampa üzərində toplanmış toz faydalı işığı mühüm dərəcədə azaldır. Tozla tutulmuş lampa işığın 50%-ni udur. Lampaların təmiz saxlanılması elektrik enerjisindən israfçılıqla istifadənin qarşısını alır".
 
Məlumatda, həmçinin qeyd olunur ki, sənayedə müxtəlif növ lampalar istehsal edilir və əgər seçmək məcburiyyəti yaransa, o zaman lüminessensiyalı lampalara üstünlük verilməlidir: "Çünki lüminessensiyalı lampaların istifadəsi 80%-ə qədər elektrik enerjisinə qənaət edir: "Otaqlardan ayrılarkən işıqların söndürülməsi də elektrik enerjisindən qənaətli istifadənin bir yoludur. Hər bir ailə üzvünün bu qaydaya riaət etməsi 35%-ə qədər elektrik enerjisinin və ailə büdcəsinin qənaətinin təminatıdır".
Mənbə: https://news.milli.az/society/325071.html
Bizə yazın