Səbət

Evimizdə günəş paneli quraşdırmaq neçə manata başa gəlir?

17 Yanvar 2022

blog_1642415490.webp

Evimizdə günəş paneli quraşdırmaq neçə manata başa gəlir?

Tarif Şurasının son qərarından sonra ölkəmizdə alternativ enerjiyə maraq gündəmə gəlib. Biz də bunu nəzərə alaraq oxucularımıza dünyada sürətlə yayılmaqda olan ən sərfəli elektrik enerjisi - günəş (enerjisi) panelləri barədə məlumat verməyi qərara aldıq. Təfsilata keçmədən öncə bildirək ki, əgər yer səthinə düşən günəş enerjisinin 0.0125 faizini istifadə etsək neft, qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çox enerji əldə etmək olar. Hazırda dünyanın 70-ə yaxın ölkəsində günəş enerjisindən istifadə olunur və bunun daha da artırılması istiqamətində perspektiv layihələr hazırlanır. Əsasən günəşli ölkələrdə tətbiq olunan günəş panelindən istifadə Azərbaycanda da inkişaf etdirilməkdədir. Nəzərə alsaq ki, ölkəmizdə il ərzində ən azı 300 günəşli gün olur, o zaman bu sahənin inkişaf etdirilməməsi üçün heç bir əsası yoxdur. Artıq bir neçə il öncə ölkəmizdə bu sahədə ilk addım atılıb. 2012-ci ilin aprel ayında cənab Prezident İlham Əliyevin də iştirakı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Sumqayıtda inşa etdiyi Azgüntex zavodunun açılışı olub. Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılmış zavod 30mVt gücündə günəş panelləri istehsal etmək potensialına malikdir. Zavod istehsal etdiyi modullara 25 il zəmanət verir.

Günəş panelindən maksimun elektrik enerjisi almaq üçün günəşli hava daha yaxşıdır. Amma bu o demək deyil ki, buludlu, yağışlı havada enerji istehsal edilməyəcək. Günəş panelləri ən buludlu havada belə 50 faiz güclə işləyir. 

Bəs görəsən bir dəfə xərc çəkərək ən azı 25 il (zavodun verdiyi zəmanət müddəti) elektrik enerjisindən ödənişsiz istifadə edəcəyimiz bu panellərdən necə istifadə edilir, bir evin enerji ehtiyacını ödəmək üçün nə qədər vəsait lazımdır, ümumiyyətlə günəş panelləri ilin bütün günündə enerji istehsal edirmi? Bu və digər suallara cavab almaq üçün Azgüntex zavodu ilə əlaqə saxladıq. Əldə etdiyimiz məlumata görə, zavod hazırda günəş paneli istehsalını və satışını davam etdirir.

Azərbaycanda hər bir evin gün ərzində ortalama 8-10 (aylıq 17-21 manat ödəniş) kV/saat enerji istehlakçısı olduğunu əsas götürərək günəş paneli sisteminin qurulması üçün lazım olan vəsaiti hesablamağa çalışdıq. Belə ki, 100 sm eni, 140 sm hündürlüyü olan bir günəş panelindən günəşli havada bir saatda 250-255 vatt arasında enerji əldə etmək olur. Bu da itən enerjini nəzərə aldıqda 5 saatda 1 kV/saat edir. Deməli, ən çox halda 7-8 panel evin bütün ehtiyacını təmin edir. Azərbaycanda bir panelin orta qiyməti 500 manat civarındadır, beləliklə 8 panel 4 min manat edir. Təbii ki, bu məbləğin üstünə digər avadanlıq və usta pulu da əlavə olunmalıdır. Bakıda Türkiyədən gətirilən günəş panellərini quraşdırmaqla məşğul olan usta bildirdi ki, 8 paneli özünüz alsanız onun quraşdırılması, digər avadanlıqlar (sabit cərəyan mənbəyi, paylayıcı, naqil və sair) və usta haqqı 2500-3000 manat arasında dəyişir.      Oxuyarkən yəqin özünüz də hesabladınız ki, bir evin ən azı 25 il müddətinə pulsuz elektirik enerjisi ilə təmin olunması üçün təxminən 7 min manata yaxın vəsait lazımdır. Təbii ki, 7 min manat az vəsait deyil, amma sözügedən elektrik enerjisindən istifadənin dünyada sürətlə yayıldığını nəzərə alsaq, tədricən bu sistemə pul qoymaq olar.

Digər tərəfdən günəş panellərindən istifadə dövlətin bir kVsaat elektrik enerjisinin istehsalına çəkdiyi xərcləri də azalda bilər. Bu gün bir kV/saat elektrik enerjisinin istehsalında 0,3 kubmetr qaz istifadə olunur. Bu elektrik enerjisi günəşin, küləyin və digər bərpa olunan enerji mənbələrinin hesabına əldə edilsə, hər kilovat/saata görə, 0,3 kubmetr qaza qənaət edilmiş olar.

Taleh Bağırov, “İki sahil”

Bizə yazın